AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRKƏZİ KOMİTƏSİ FİRİDUN İBRAHİMİ-100

Elm Həyat hekayəsi Təhsil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Firudin İbrahimi 1918-ci ilin noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. Firudin İbrahiminin dünya görüşünün formalaşmasında atası Qəni İbrahiminin rolu böyük olmuşdur.

Qəni İbrahimi öz dövrünün qabaqcıl düşüncəli ziyalılarından olmuşdur. Gilan əyalətinin Rəşt şəhərinjdə Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra İbrahim Qənidə bu firqənin Astara şəhər təşkilatını qurmuşdur. Qəni İbrahimi 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzəli şəhərində keçirilən birinci konqresində iştirak etmışdır. Qəni İbrahimi 1931-ci ildə siyasi fəaliyyətinə görə şah höküməti tərəfindən həbs edilmiş, Təbriz və Tehran kimi şəhərlərdə həbsxanalarda saxlanılmışdır.  Tehranda məşhur Qacar qəsri həbsxanasında 2 il məhbəs həyatı yaşadıqdan sonra xəstəliyinə görə həbsdən azad edilmiş və Nahavəndə sürgünə göndərilmişdir. Siyasi fəaliyyətini sürgündə belə dayandırmayan Qəni İbrahimi  1944-cü ildə İran Tudə Partiyasının Nahavənd təşkilatını yaratmışdır. II Dünya müharibəsinə yaranan vəziyyət buna tam şərait yaradırdı. Lakin müharibə bitdikdən sonra Qəni İbrahimi bu əməlinə görə 1946-cı ilin dekabrında yenidən həbs edilmişdir. 1958-ci ilin dekabr ayında azadlığa buraxılmış, lakin azadlığa buraxıldıqdan az müddət sonra rejimin əlaltıları tərəfindən zəhərlənib öldürülmüşdür.

Atasının siyasi fəaliyyətindən və qətiyyətindən təsirlənərək dünya görüşü formalaşdıran Firudin İbrahimi Tehran Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin ilk illərindən siyasi hadisələrlə maraqlanan Firudin 1941-ci ildə İranın Tudə partiyasına qoşulmuşdur.  Həmçinin  müxtəlif mətbuat orqanlarında siyasi mövzulara toxunan yazılarla çıxış etmişdir. Bu yazılar əsnasında Seyid Cəfər Pişəvəri ilə tanış olmuşdur.  Seyid Cəfər Pişəvəri 1929-cu ildə həbs edilmiş və 1943-cü ildə azadlığa buraxılmışdır. Həbsdən buraxıldıqdan sonra  İranda dövlət orqanlarına müraciət etmiş və qəzet nəşr etdirmək üçün icazə almışdır. “Ajir” (səs, haray) qəzeti beləcə nəşrə başlamış və artıq bu dövrdə öz dünyagörüşü və savadı ilə məşhurluq qazanmış Firudin İbrahimi də bu qəzetlə əməkdaşlığa dəvət edilmişdir.  O, Ajir qəzeti ilə əməkdaşlıq və fəaliyyət etməsi ilə yanaşı İranın Tüdə Partiyasının nəşr etdiyi qəzet və jurnallarına məqalələr yazırdı. Bu dönəmdə Firudin İbrahiminin yazdığı məqalələr İranın Tudə Partiyasının  rəsmi qəzeti olan “Rəhbər qəzetində”, antifaşist qəzet olan “Mərdum qəzetində” və İranın Fəhlələr Birliyinin Mərkəzi Birləşik Şurasının rəsmi qəzeti olan “Zəfərdə” və sair mütərəqqi qəzetlərində çap olunurdu. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan”  qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq etmiş, onlar üçün günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazmışdır.

1945-ci ildə hüquq təhsilini bitirdikdən sonra  o dövr üçün kifayət qədər yüksək əməkhaqqı təklihinə baxmayaraq İran Xarici İşlər Nazirliyinin və  “Ettelaat” qəzetinin iş təklifini rədd edərək öz doğma yurdu olan Cənubi Azərbaycana geri dönmüşdür.

II Dünya müharibəsi başladığı zaman İran şah rejimi rəsmi olaraq öz bitərəfliyini elan etsə də, öz ərazisini alman casus şəbəkəsi üçün faktiki olaraq açmış və Almaniya meylli xarici siyasət yürütməyə başlamışdı. Buna cavab olaraq 1941-1942-ci illərdə SSRİ 1921-ci il Sovet-İran sazişini əsas tutaraq İranın şimal-qərbinə (Cənubi Azərbaycan), İngiltərə isə Cənubi İrana daxil oldu. Nəticədə uzun illərdir xalqa zülüm edən Rza şah pəhləvi devrildi və yerinə oğlu Məhəmməd Rza şah Pəhləvi gətirildi. Siyasi partiyalara bir qədər sərbəstlik verildi. Nəticə də xalqımızın uzun sürən mübarizəsinin nəticəsi kimi 1945-ci ilin noyabr ayında Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Höküməti yaradıldı. Sosial, siyasi və iqtisadi sahələrdə xeyli islahatlar etməyi planlaşdıran hökümətə təbii olaraq Firudin İbrahimi kimi şəxslər çox lazım idi. Bu hökümətin qurulmasında və fəaliyyətində çox böyük rol oynayan Firudin İbrahimi xalq arasında xeyli nüfuz qazanmışdı. O, ilk öncə 1945- ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Milli Məclisə nümayəndə seçildi. Bir qədər sonra isə Azərbaycan Milli Hökümətinin baş prokuroru olan Firudin İbrahimi azərbaycanca ilə yanaşı, fars, ərəb və fransız dillərini mükəmməl səviyyədə bilirdi. Elə buna görə də 1946-cı ildə Parisdə  Almaniyanın keçmiş müttəfiqləri ilə imzalanmalı olan sülh müqavilələri üçün görüşlər keçiriləndə Azərbaycan Milli Höküməti Firudin İbrahimini ora mətbuat nümayəndəsi kimi göndərə bilmişdi. Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirmişdir.  Paris Sülh Konfransı barədə Firudun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram”mərasimindəki nitqində böyük bir fəxrlə qeyd edirdi:

“İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.”

Həmçinin öz intelekti ilə seçilən Firudin İbrahimiyə xalqın təhsili və maarifləndirilməsi ilə bağlı mühüm işlət tapşırılmışdı.  Bundan əlavə Cənubi Azərbaycanın tarixini hazırlamaq və bu işlə bağlı materiallar toplamaq vəzifəsi Seyid Cəfər Pişəvəri tərəfindən Firudin Ibrahimi və Zeynalabidin Qiyamiyə tapşırılmışdı. Bu vəzifə çərçivəsində XIX əsrin ortalarında Nadir Mirzə tərəfindən farsca yazılmış “Təbrizin tarixi və coğrafiyası” əsəri Azərbaycan türkcəsinə tərcümə edilmişdi. Cənubi azərbaycanlı şağırdlərin öz ana dillərini öyrənməsi üçün Təbrizdə 1893, 1914 və 1921-ci illərdə nəşr edilmiş Türk dili dərsliklərinin paylanmasında da Firudin İbrahiminin xeyli əməyi olmuşdur.

1945-ci ilin 5 sentyabrında Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı olan Azərbaycan qəzeti nəşr olunmağa başlanır. Qəzetin nəşrə başladığı gündən Firudin İbrahimi bu orqanla əməkdaşlıq edir. Firudin İbrahiminin “Azərbaycan danışır…İftixarlı tariximizdən bir neçə parlaq səhifə” adlı silsilə məqalələri 31 oktyabr – 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunmuşdur. Bu yazılar Firudin İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı, istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti, dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət-ənənələri əks etdirən 19 məqalədən ibarətdir. Firudin İbrahiminin Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynamışdır.

Firudin İbrahiminin sözügedən məqalələri 1946-cı ildə toplu şəklində “Sovet Mədəniyyəti Evi” tərəfindən “Azərbaycanın qədim tarixi haqqında” adı ilə Təbrizdə Azərbaycan dilində əski əlifbada çap olunmuşdur.

Firudin İbrahimi bu toplunun tərtib olunması barədə əsl məqsədini özünün  “Azərbaycan” qəzetində fars dilində çap etdiyi müqəddiməsində şərh edərək belə yazır:

“Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”

Həmin müqəddimədə Azərbaycan dili və mədəniyyətinə münasibətdə fars şovinistləri tərəfindən həyata keçirilən məlum siyasətə işarə edən müəllif yazırdı:

“Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər, bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər. Bunlar ana dilinin bərpası, unudulmuş Konstitusiyanın əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanuna zidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər.”

Azərbaycan tarixinin öyrənilməsinə və xalq arasında təbliğinə xüsusi önəm verən Firudin İbrahimi tariximiz barədə və Pəhləvi sülaləsinin hakimiyyəti vasitəsilə həyata keçirilən fars şovinist siyasətinə etiraz əlaməti olaraq yazırdı:

“Bizim ulu babalarımız olan madlar bəşər tarixində mühüm rol oynamışlar. Onlar eramızdan 800 il əvvəl güclü müstəqil dövlət qurmağa nail olmuşlar. Bu dövlət şimal-qərbdə Urartu (Van), qərbdə Assur dövləti ilə həmsərhəd və qonşu olmuşdur. Həmin zamanlarda Mad dövlətinin şərq hissəsində pars (fars) xalqı yaşayırdı. Madlar mədəniyyət və sivilizasiya baxımından o dövrün ən mütərəqqi və inkişaf etmiş xalqları sırasında assurlar və babilərlə yanaşı dayanırdılar. Amma tarixi tədqiqatlar göstərir ki, pars xalqı mədəniyyət və yaşayış tərzi baxımından madlara nisbətdə xeyli geri qalırdılar…”

Beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən SSRİ Cənubi Azərbaycan məsələsində qərb dövlətlərinin müdafiə etdiyi İrana güzəştə getməyə məcbur oldu. SSRİ qoşunları buradan çıxarıldıqdan sonra İran şah qoşunları Azərbaycan Milli Hökümətinin ərazisinə hücuma keçdilər. Güclü müqavimətə baxmayaraq 1946-cı ilin dekabr ayında şah qoşunları Milli Höküməti süquta uğrada bildi. Milli Hökümətin bəzi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdilər. Lakin Firudin İbrahimi öz doğma yurdunda qalmağı seçdi. Həbs edildikdən sonra, 1947-ci ilin may yaının 22-də Təbrizdəki Gülüstan bağında asılaraq edam edildi. Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddini bu hadisəni belə xatırlayır:

“1947-ci ilin may ayının 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali Gülüstan bağına yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar. Başqa inqilabçıları Təbriz şəhərinin Saat qabağı adlanan yerində dar ağacından asırdılar. Gülüstan bağı şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın ucaboylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər Firudin İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum çəkmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F. İbrahimi əlini yuxarı qaldıraraq və uca səslə dedi:

“Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin ! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökümət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan ! ”

Cəlladlar qorxularından onu dərhal edam etdilər…”

Firudin İbrahimi yazdıqları və etdikləri təkcə tariximizə iz salmamış, həmçinin öz şəxsiyyəti ilə ədəbiyyatımıza da iz sala bilmişdir. 21 Azər hərəkatı ilə yaxından tanış olan və özüdə əslən Cənubi azərbaycanlı olan Mirzə İbrahimov yazdığı “Gələcək gün” əsərində Firudin İbrahimiyə də yer ayırmışdır. Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza Arif Səfa, Tariyel Ümid əsərlərindrə onun poetik obrazını yaradıblar.

Dünyaxanım Əliyeva

İstixəbər.info informasiya Portalı

Bir cevap yazın