”Məktəbdə şagirdlərin başına bit düşür” – YEVLAXDA

Bölgə Şikayət Təhsil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Malbinəsi kəndinin sakinləri kənd məktəbindən narazıdır

Ümumtəhsil müəssəsələrində şagirdlərin gigiyenası sovet dövründə ən çox nəzarət olunan, diqqət yetirilən məqam idi. Saçları pırtlaşıq, məktəbli forması çirkli olan, eləcə də dırnaqları uzanan şagirdlər danlanır, bu barədə onların valideynlərinə ciddi xəbərdarlıq edilirdi. Amma  son vaxtlar şagirdlərin gigiyenası məsələsi müəllim nəzarətindən kənarda qalıb.

Nizami adına Malbinəsi tam orta məktəbi

“Kəndin məktəbi anti-sanitariya vəziyyətindədir. O qədər baxımsızdır ki, uşaqlarımızın başına tez-tez bit düşür. Bir nəfər gəlib yoxlamır, baxmır. Natəmizlik, təmirsizlik, şəraitsizlikdir”.

Bu barədə İstixeber.info-ya Yevlax rayon Malbinəsi kəndinin sakinləri məlumat verib. Onların sözlərinə görə, övladları bu məktəbdə oxuyur. Deyirlər, illərdir bu uşaqlar normal məktəb üzü görməyiblər. Elə valideynlər bacardıqları pulu toplayıb, bir-iki yerini təmir ediblər. Ancaq onların əsaslı təmir etməyə gücləri çatmır.

“Odur ki, üzümüzü dövlətə tutub, xahiş edirik. Nolar, bizim uşaqlarımıza yazıqları gəlsin, onlar da gələn dərs ilini normal məktəbdə oxusunlar. Məktəb Plana salınsa, tətildə təmir edilər və ya kənddə yeni məktəb tikilər” – deyə, valideynlər bildirirlər.

Valideynlər təmirsizlik, şəraitsizlikdən və qışda məktəbin soyuq olmasından şikayətçidirlər. Deyirlər ki, məktəb o qədər baxımsızdır ki, vaxtlı-vaxtında dezinfeksiya da edilmir. Nəticədə uşaqları bit-birə yeyir.

“Məktəbin normal laboratoriyası yox, idman zalı pis gündə, sinif otaqları ondan da betər… Mən bilən, bu işə dövlət baxmalıdır axı. Məktəbin dam örtüyünün ciddi təmirə ehtiyacı var. Tavanı damır, döşəməsi deşik-deşik, partalar, qapı və pəncərələr uçub-tökülüb”.

Valideynlər məktəbin təhsil ocağından başqa hər şeyə bənzədiyini deyirlər. Xüsusən də qışda vəziyyətin daha da bərbad hala düşdüyünü söyləyirlər:

“İstilik sistemi yoxdur. Odun qalayırlar, o da his-pas içində. İndiki dövrdə məktəbdə odun yandırarlar? Natəmizlik, antisanitariyadır. Bir baxın, məktəbin məktəb olduğunu göstərən hər hansı bir lövhə də yoxdur. Xahiş edirik, bizim uşaqlar üçün də normal şərait yaratsınlar. Təhsil elə buradan başlayır. Ölkədə təhsilin nə qədər yüksək səviyyədə olduğunu göstərsinlər”.

Tətil olduğu üçün məsələ ilə bağlı Malbinəsi məktəbindən münasibət öyrənə bilmədik.

İstixeber.info Yevlax