Müqəddəs Mehdiyev: “Apteklərdə çalışan xanımlara sayğı göstərin!”

Köşə yazısı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Hörmətli dostlarım və izləyicilərim!

Son günlər Xaçmaz şəhərinin apteklərində çalışan bəzi bacılarımız telefon açaraq ayrı-ayrı adamlar tərəfindən söyüş və təhqirlərə məruz qaldıqlarını bildirirlər. Sizlərə demək istəyirəm ki, həmin xanımlar sıravi işçilərdir və hamı kimi aylıq əmək haqqı alırlar. İndiki xüsusi karantin rejimində əhali ilə ünsiyyətə girməkdən çəkinməyərək həyatlarını riskə atırlar. Onlardan bir neçəsi mənə dedi ki, hər gün cəmi əlli ədəd maska və otuz ədəd spirt təhvil alırlar. Bunlar da səhər saatlarında satılıb qurtarır. Vətəndaşların, xüsusilə də, kişilərin xanımlara qarşı söyüş və təhqiri, kobud davranışları qətiyyən yolverilməzdir. Başa düşürəm ki, hazırkı şəraitdə hamı əsəb və stress keçirir. Bəziləri hislərini cilovlaya bilmirlər. Amma çox səbrli və təmkinli olmaq gərəkdir! Vətəndaşlar maska və spirt çatışmazlığı ilə əlaqədar RİH-ə müraciət etməlidirlər. Və yaxud nazirlər kabinetinin operativ qərargahına şikayət olunmalıdır. Əgər sizlər Xaçmaz şəhərindəki “Avromed”ə məxsus dərman deposunda və apteklərdə sui-istifadə halları ilə qarşılasanız rayon polis şöbəsinə və yaxud mənə müraciət edə bilərsiniz.

Müqəddəs Mehdiyev

İstixeber.com