“Evdə qalsam, acından öləcəm…” – Zibildən çörək çıxaran nənəylə söhbət

Həyat hekayəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bir az əvvəl mağazaya getmişdim. Qayıdanda zibil qabında nəsə axtaran bir xala gördüm, halına üzüldüm,, yaxınlaşıb salam verdim və aramızda kiçik bir dialoq yarandı:

– Xanım, gecə vaxtı çöldə neynirsiniz? (Əslində nə etdiyini bilirəm, sadəcə söhbət etmək üçün bu sualı verdim)

– İçki qablarını və bir də çörək qırıntılarını yığıram.

– Onları yığıb nə edəcəksiniz ki?

– Satacam!

– Hara?

– Bu qabları yığıram bir yer var ora verirəm, bununla da yaşamağa, ac qalmamağa çalışıram. Siz mənə niyə belə sual verirsiz ki? Hələ bu günə qədər heç kim yaxınlaşıb, mənə belə suallar verməyib. Bizim kimilərin halı heç kimə maraqlı deyil…

– Yox, niyə ki… (Xanımın titrək səsi məni qəhərləndirdiyi üçün susub qaldım. Amma sonra bir az özümü toparlayıb, yenidən sual verməyə başladım). Xanım, elə deməyin, siz bu xalqın dəyərli insanlarından birisiniz, halal zəhmətlə çörək qazanırsınız…
Yaxşı, bəs bu yığdığınız qabları neçəyə satırsınız?

– Qabların kilosunu 50 qəpiyə, çörəyi də toyuq- cücə saxlayanlara verirəm. Onlar da çörəyin əvəzində bir iki manat verirlər.

– Günə neçə kilo qab yığırsınız ki?

– 40 dənəsi bir kilo edir. Elə gün olur 10-15 kilo, elə də olur ki, 5-6 kilo… Allah bərəkət versin, əsas odur ki, heç kimə möhtac olmuram.

Bununla necə dolanmaq olar…

– Oğlum, biz sadəcə ölməmək üçün çırpınan insanlarıq, sən yolundan qalma, evinə get…

– Bəs məlumatınız var ki, bu gecədən evdən çıxmaq qadağan olunur, çıxmaq üçün xüsusi icazə alınmalıdır. O icazə də ancaq, marketə və aptekə getmək üçün verilir.

– Yox, elə şey olar! Elə olsa, mən nə edərəm onda… Bala, sənə kim deyib ki, elə olacaq ?

– Televizorda eşitdim, dəqiq məlumatdır.

– Bəs, bizə dövlət yardım edəcək? Etməsə nə edərik biz. Sən lap mənim ürəyimə qorxu saldın. Denən ki, da acından öləcəyik də…

– Yox, narahat olmayın, yəqin ki, sizə də yardım edilər… Sizin başqa qazanc yeriniz var? Pensiya alırsınız?

– Yox ay bala, hələ yaşım çatmır. 2 il var pensiya almağıma. O da kim bilir qismət olacaq, ya yox… Əşi nə isə! Bizim ki, belə gəlib, belə də gedəcək. Yaxşı mən gedim, hələ baxacağım zibil qabları var. Elə bizə qalan bu zibil qabları olacaq, Allah bunlara bərəkət versin. Sağ ol, gecən xeyrə qalsın.

– Xeyrə qarşı, xala! /oxu24

İstixeber.com