13/07/2020

İnformasiya Portalı

ƏMRAH FƏQANOĞLU: “ƏLÇATMAZLIQ” (Hekayə)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Səni ulduzlara bənzədib bir vaxt,
Özümü apaydın səma sanardım.
Mənim taleyimə, bəxtimə bir bax,
Əlinlə qırıldı uçan qanadım… (Ə.F.)

Ülvi bu yerləri ilk dəfə görürmüş kimi nəzərdən keçirirdi. Hər yanda dəyişiklik hiss olunurdu. Kəndin aşağı hissəsində uşaqların futbol oynadıqları sahə indi əsil meydançaya çevrilmişdi. Qapı dirəkləri dəmirdən düzəldilmiş, arxasına tor çəkilmişdi. Meydança və mərkəz xətləri aydınca seçilirdi. Lakin meydançada bir kəs gözə dəymirdi. Ətrafda lal bir sükut hökm sürürdü.
Ülvi qeyri-ixtiyari olaraq ötənləri-təxminən dörd-beş il əvvəli xatırladı. Orta məktəbdə oxuduğu vaxtlarda sinif uşaqları ilə tez-tez buraya gələr, maraqlı futbol oyunları keçirərdilər. Arabir qonşu kənddən də futbol yarışına uşaqlar gələrdilər. Bu vaxt “azarkeşləri”nn sayı birə-beş artardı. Ülvi həmişə hücumda oynayardı.
Yenə bir dəfə dərsdən sonra uşaqlar futbol yarışı keçirməyi qərara almışdılar. Ülvi xəstə idi. Lakin buna baxmayaraq, o bu yarışda iştirak etdi və rəqib komandanın qapısından düz beş qol keçirtdi. Həmin hadisədən sonra vəziyyəti kəskinləşdi, düz iki həftə ayağa qalxa bilmədi…
Üzünü yana çevirdi. Arxın qırağındakı söyüd ağacını gördü. Birdən-birə qəlbini elə hisslər bürüdü ki…
Onda balaca idi. On yaşı vardı. Qardaşı Eminin on dörd yaşı. Xoşbəxt və qayğısız uşaqlıq çağlarını yaşayırdılar… Kənddə hamının böyük hörmət bəslədiyi, təcrübəli bağban kimi tanıdığı Fəzli kişi də sağ idi onda. Bir gün hər iki qardaş həmişə olduğu kimi, yenə də kəndin aşağısından keçən arxın kənarında oturub, taxtadan düzəltdikləri “gəmi”nin necə üzməsinə tamaşa edirdilər. Payız fəsli olsa da, havada elə bir soyuqluq yox idi. Gün çıxmışdı.
– Daha bəsdir, gedək evə,- Emin dedi.
Ülvi razılaşdı.
Evə dönəndə küçədə Fəzli kişi ilə qarşılaşdılar. O, əlində bir neçə ting aparırdı. Ülvigillə səmimi salamlaşıb, hal-əhval tutandan sonra:
– Mənim balalarım, siz ağac əkməyi bacarırsınız?- soruşdu.
– Əlbəttə, əlbəttə bacarırırq,- birağızdan cavab verdilər.
– Elə isə alın bu tingləri,- o, iki ting ayırıb onlara uzatdı. -Harada istəyirsiniz, orada da əkin, bunlar söyüd tingləridir.
Hədsiz sevindilər. Evə qaçıb, bel götürdülər, kəndin aşağısına yollandılar. Tingləri su arxının kənarında əkməyi qərara almışdılar.
– Bax, bu mənim, – Ülvi əlini tingin birinə tuşladı, – o birisi isə səninki olsun.
– Nə deyirəm ki… Emin gülümsədi, – mən razı.
Yaz gələndə tinglər ikisi də göyərməyə başladı. Amma ikinci il ağaclardan biri qurudu. Bu, Ülvinin söyüdü idi. Ülvi yaman kədərləndi. Onun pərişanlığını hiss edən Emin onu yanına çağırıb:
– Ondan ötrü niyə kədərli olursan, qardaşım,-dedi,- o qurudu, amma sən öz əlinlə neçə belə ağaclar əkəcəksən, o ağaclar qol-budaq atıb böyüyəcək, kölgə salacaq, meyvələr gətirəcək, sən də baxıb fərəhlənəcəksən !..
Dünya nə vəfasızmış, ilahi ! Emini on səkkiz yaşındaca gömdü torpağa. Bu qəmdən Ülvinin ürəyi qübar bağladı. Ona elə gəldi ki, daha yaşamağın mənası heç nədi bundan sonra. Bir müddət dünyadan küsdü elə bil. Qardaşının sevdiyi qızla üz-üzə gələndə nələr keçmirdi qəlbindən?! Qızın qüssəli baxışlarını, kədər yağan gözlərini, solğun çöhrəsini görəndə dünyanın vəfasızlığına lənətlər yağdırırdı ürəyində…
… İş elə gətirdi ki, Ülvi də sevdi. Qaynar baxışlı, sarışın saşlı, bəstə boylu Aynurəyə könül verdi. Aynurə Ülvidən iki yaş kiçik idi. Ülvi onuncuda oxuyanda Aynurə səkkizinci sinifdə oxuyurdu. Aynurənin baxışları tilsimliydi elə bil. Bircə dəfə Ülviyə baxanda sanki onu sehrləyir, qanadlarına alıb başqa bir aləmə aparırdı.
May ayı yenicə girmişdi. Ülvi üç həftədən sonra onuncu sinfi bitirəcəkdi. O, ilk məhəbbətinə qəti cavab almaq məqsədilə çox götür-qoy etmişdi. Axır ki, Kamili- Aynurə ilə eyni sinifdə oxuyan dostunu çağırıb ona bir məktub verdi və Aynurəyə çatdırmasını xahiş etdi. Ertəsi gün Kamil Aynurədən Ülviyə cavab məktubu gətirdi. Ülvi məktubu, səliqə ilə qatlanmış və üstünə “təklikdə oxu” kəlmələri yazılmış vərəqi həyəcanla açıb oxumağa başladı. Son cümlələr sanki ürəyinə bir təskinlik verdi, beyninə həkk olunub qaldı: “Mən sənə inanıram, Ülvi. Mən də səni….. (Aynurə utandığından “sevirəm” sözünün əvəzinə yeddi nöqtə qoymuşdu) və ürəyimdə həmişəlik yaşadacağam. Buna inana bilərsən”.
Ülvi birinci il ali məktəbə qəbul oluna bilmədi. Sənədlərini Bədən Tərbiyəsi İnstitutuna vermişdi. Üçüncü imtahandan kəsildi. Çox təəsüfləndi. Atası dedi ki, get əsgərliyini çək, sonra gəlib daxil olarsan, çatarsan arzuna. Dünya qurtarmayıb ki… Ancaq anası (Eminin vəfatından sonra onun ürəyi heç gülmürdü, elə hey ağlayırdı) Ülvnin arzusuna çata bilməməsinə görə çox kədərləndi. Oğlunun boynunu qucaqlayıb, hönkür-hönkür ağladı. Ülvi ona ümid verib,- ay ana, -dedi,- sən heç narahat olma, əsgərliyimi çəkib, gəlib girəcəyəm həmin instituta. Iki il nədir ki… Anası da oğlunun könlünə toxunmasından çəkinirmiş kimi, – deyirəm mənim balam, təki sən deyən olsun, – kəlmələrini pıçıldadı…
Payız yenicə girmişdi. Sabah Ülvi hərbi xidmətə yola düşəcəkdi. Dünən axşam yaxın qohumları, dost-tanışları onlarda idilər. Ülvi qəsdən bu məclisi dünənə təyin etmişdi, çünki həmin axşam Aynurə ilə görüşəcəkdi. Özü də doğma və müqəddəs saydığı, qardaşı Eminin yadigarı söyüd ağacının altında…
Aynurə gəldi. Təlaşla ətrafa göz gəzdirdi. Heç kəsi görmədi. Təəccübləndi və birdən gözü arxın qırağında oturub dərin fikirlərə dalmış Ülviyə sataşdı.
– Ülvi- deyə astadan çağırdı.
Ülvi, deyəsən, eşitmədi. Fikri başqa bir aləmdə idi, tinglərin əkilməsi anı kino lenti kimi gözlərinin önündən keçirdi… Xəyallar aləmini tərk edib ayağa qalxanda Aynurəni gördü. İnanmaq istəmədi gözlərinə;
– Aynurə, Aynurə, inanmazdm ki, gələrsən…
Onlar əl-ələ tutub, tənha söyüd ağacının altında xeyli söhbət etdilər. – “Bizim pak sevgimizə bu söyüd şahid olsun”- dedilər. Söyüd də bu məhəbbətə, bu məhəbbətin paklığına yeganə şahid olduğunu göstərmək istədi sanki. Yarpaqlarını xəfifcə titrətdi…
Ülvi hərbi xidməti üç ilə çəkməli oldu. Bu üç ildə onun qəlbinin yeganə ümid və təsəllisi Aynurə və onun ürəkdən inandığı məhəbbəti olmuşdu… Amma sən demə, əbəsmiş Ülvinin ümidləri, gümanları. Saxta imiş Aynurənin dediyi bütün sözlər.
Elə əsgərlikdən qayıdan gün xəbər verdilər ona Aynurənin gəlin köçməsini. Məktubun Aynurənin qardaşlarından birinin əlinə düşəcəyindən ehtiyat edən Ülvi ona məktub yazmamağı daha üstün tutmuşdu və bu barədə Aynurənin özünə də demişdi. Kamil dedi ki, sən əsgərliyə gedəndan bir il sonra Aynurənin tamamilə dəyişdiyinin, başqa əqidə ilə yaşadığının şahidi oldular bütün sinif uşaqları. “Əvvəllər deyirdi ki, həkim olacağam, amma sonralar bildirdi ki, xeyr, heç ali təhsil almağa həvəsim yoxdur… Və bir gün eşitdik ki, onu özündən yaşca xeyli böyük, maddi baxımdan imkanlı bir oğlanla nişanlayıblar. Məlum oldu ki, Aynurənin öz razılığı ilə olub bu iş. Bilirsənmi, Ülvi, nə qədər təəsüfləndim. Bu barədə sənə yazıb ürəyinə xal salmaq istəmədim. Əvvəlcə elə zənn etdim ki, Aynurə tutduğu işdən peşman olacaq, ancaq əksinə oldu…”
Ülvi daha heç nə eşitmədi: sanki qulaqlarına pambıq tıxamışdılar. Heç nə görmədi: elə bil gözlərinin önünə qara pərdə tutmuşdular. Xəlvəti guşəyə çəkildi. Yox, ağlamadı. Xəyalən Aynurə ilə keçən günlərə qayıtdı. O günlərə ki, hələ ilk dəfə ürəyində sevgi adlanan qəribə hisslər, duyğular baş qaldırır, ona bircə an da olsun rahatlıq vermirdi…
Xəyəllardan ayıldı. Söyüdə yaxınlaşdı. Bu an qardaşı Emin, onun vəfalı sevgilisi düşdü yadına. Söyüdü qucaqlayıb hönkür-hönkür ağladı, ürəyinin boşaltdı. Evə qayıdanda özündə daxili bir yüngüllük hiss edirdi. Ona elə gəlirdi ki, ilk məhəbbəti söyüdün budaqlarına hopub qalıb və Aynurə üçün də, elə onun özü üçün də daha çatmaz, ün yetməz olub…
…Ülvi instituta da daxil olacaqdı, kim bilir, bəlkə bütün arzularına da qovuşacaqdı. Amma qardaşı Eminlə keçirdiyi qayğısız uşaqlıq çağlarına, bir də hər şeydən uca saydığı ilk məhəbbətinə əli çatmayacaqdı yalnız…

Əmrah Fəqanoğlu 1986-cı il

İstixeber.com

escort mersin | mersin escortları